int-relAzərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi yeniliklər baş verdi. Sovet imperiyası dövründə azərbaycanlı diplomat kadrlar olduqca az idi. Bu boşluğu aradan qaldırmaq üçün 1992-ci ildən etibarən Bakı Dövlət Universitetində «Beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika» fakültəsi fəaliyyətə başladı. Lakin az sonra «beynəlxalq jurnalistika» ixtisası jurnalistika fakültəsinə keçirildi. 

«Beynəlxalq münasibətlər» kafedrası fakültənin həmyaşıdıdır. Bu kafedranıni yaradılması və inkişaf etdirilməsi prof. A.Abbasbəylinin adı ilə bağlıdır. Kafedra yaranarkən hər şeyin yoxdan başladığı qeyd olunarsa, ötən 17 il ərzində görülən işlərin miqyasının nə qədər böyük olduğuna şübhə etməmək olar. Kafedra yaranarkən cəmi üç əməkdaşı vardısa, 2006-cı ilin əvvəlləri üçün bunların sayı 34 nəfərə çatmış, özünün elmi və kadr potensialına görə universitetin ən aparıcı kafedralarından birinə çevrilmişdir. Yarandığı gündən kafedraya respublika ictimaiyyətinə yaxından tanış olan nüfuzlu alim, prof. A.Abbasbəyli rəhbərlik edir. Hal-hazırda kafedrada 13 ştatda olan professor – müəllim heyəti çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 3 nəfəri elmlər namizədidir.

Kafedranın əməkdaşları tərəfindən 17 il müddətində bakalavar və magisitr tədris proqramları ilə nəzərdə tutulan bütün fənlər üzrə proqramlar hazırlanmış və çap olunmuşdur. Eyni zamanda sanballı dərsliklər, dərs vəsaitləri və müasir beynəlxalq münasibətlərin aktual problemlərini əhatə edən monoqrafiyalar işıq üzü görmüşdür. Bu sırada aşağıdakıların adları çəkilə bilər – A.Abbasbəyli - «Heydər Əliyev və dünya siyasəti»; «Beynəlxalq münaqişələr: nəzəri və konseptual yanaşmalar»; «Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri problemləri»; «Qafqaz müasir geostrategiyada» «Azərbaycan müasir dövrdə», Azərbaycanın gələcəyi naminə», «Azərbaycan mənim ürəyimdir (H.Əliyevin siyasi həyatından)»; P.Darabadi – «Xəzər regionunun geotarixi və müasir geopolitika», «XX əsrin əvvəllərində Azərbaycanın siyasi tarixinin hərbi problemləri»; S.Yusifzadə – «İlk Azərbaycan Respublikası: İngiltərə Azərbaycan münasibətlərinə dair tarix, hadisələr, faktlar» mövzusunda əsərlərlə çıxış etmişlər.

Kafedranın əməkdaşları bir sıra dərsliklərin və dərs vəsaitlərinin müəllifləridir. Bunlardan A.Abbasbəyli və V.Cəfərov – «Diplomatik protokol», «Diplomatiya terminləri lüğəti», A.Abbasbəyli, P.Darabadi və Ə.İbrahimov – «Konfliktologiya», A.Abbasbəyli və Ə.Həsənov – «Azərbaycan beynəlxalq və regional təşkilatlarda», Z.M.Həsənalıyev – «Səfəvi dövləti (XVII əsrin birinci yarısı)»adlı dərs vəsaitlərini hazırlamış və nəşr etdirmişlər. 

Son beş ildə kafedranın əməkdaşları H.K.Hüseynova, S.Z.Yusifzadə, Z.M.Həsənəliyev müxtəlif mövzularda doktorluq dissertasiya işi müdafiə etmişlər. Bunlarla yanaşı 7 namizədlik və 100-dən çox magistr dissertasiyası müdafiə olunmuşdur.

Ötən 15 il ərzində kafedranın əməkdaşları respublikamızda və onun hüdudlarından kənarda – ABŞ-da, Fransada, Almaniyada, Rusiyada, Ruminiyada, İtaliyada, Türkiyədə, İsveçdə, Ukraynada, Qazaxıstanda və başqa ölkələrdə 100-dən çox məqalə nəşr etdirmişlər. 

Kafedranın əməkdaşlarından 3-ü doktorluq, 3 nəfəri isə namizədlik dissertasiyası üzərində işləyirlər. Hal-hazırda kafedranın 20 aspirantı və dissertantı siyasi elmlərin müxtəlif problemlərinə həsr olunmuş elmi işlər üzərində çalışırlar. 

Kafedranın əməkdaşları habelə respublikamızda gedən ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Onlar öz borclarını yalnız mütəxəssis hazırlamaqda yox, həm də vətənpərvər gənc mütəxəssislər, Azərbaycanın gələcəyi naminə daima öz üzərində çalışan, xalqının, dövlətinin inkişafını başlıca həyat qayəsinə çevirən kadrlar hazırlamaqda görürlər. 

Kafedranın məzunları, magistrləri və aspirantları çoxsaylı əsərlərin müəllifləridirlər. Bunlardan M.Əhmədovun «Azərbaycan: Yeni neft erası və xarici siyasət», B.Aslanbəylinin «Səfir hüququnun kodifikasiyası tarixindən», M.İsmayılovun «Yaxın və Orta Şərqdə beynəlxalq vəziyyət», A.Yaqubovun «Azərbaycanın neft diplomatiyası: əfsanələr gerçəkləşir», R.Talıbovun «Müasir mərhələdə Azərbaycan-Yaponiya münasibətləri», R.Sadıqovun «Böyük Britaniya və Avropa inteqrasiyası», A.İsabəylinin «Pakistan İslam Respublikasının xarici siyasəti», C.Cahangirlinin «Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri» tədqiqat və monoqrafiyaları çağdaş Azərbaycan siyasətşünaslığının müxtəlif problemlərinə aydınlıq gətirir. 

Kafedranın məzunları öz peşəsinə, yaradıcılıq istinamətinə görə digər sahələrdən fərqlənirlər, onlar içərisindən çıxdıqları xalqın, vətənin, Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə xidmət edirlər. Hal-hazırda kafedranın məzunları Azərbaycan ictimai-siyasi həyatının, dövlət strukrturlarının müxtəlif sahələrində çalışırlar. Azərbaycan Respublikasının Prezident apparatı, Milli Məclis, Nazirlər Kabineti, Xarici işlər nazirliyi, Milli Təhlükəsizlik nazirliyi, Müdafiə nazirliyi, Daxili İşlər nazirliyi, iqtisadi İnkişaf nazirliyi, Mədəniyyət və turizim nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Uşaq, Ana və Ailə komitəsi, Azərbaycan Respublikasının bütün xarici ölkələrdə səfirliyi – kafedramızın məzunlarının fəaliyyət göstərdiyi müxtəlif sahələrin qısa siyahısı belədir. 

Kafedranın 15 illik yubileyi ərəfəsində onun tərkibində aşağıda adları qeyd edilən müəllim və əməkdaşlar çalışırlar: prof.A.N.Abbasbəyli, prof.P.D.Darabadi, t.e.d. Z.M.Həsənalıyev, t.e.d. S.Z.Yusifzadə, dos.Y.M.Vəliyev, t.e.n. A.Mirabdullayev, s.e.n. H.Ağabəyli. Müdafiə ərəfəsində olan müəllimlər: Q.H.Məmmədov, A.A.Güləliyeva, M.M.Əliyeva, Ə.Q.İbrahimov, B.Nəbiyev və başqaları, müəllimlərdən M.V.Babazadə əməkdaşlardan L.Məmmədova və L.Bayramova çalışırlar.

Respublikamızın tanınmış alimlərindən əməkdar elm xadimi, t.e.d. prof. S.Qəndilov, t.e.d. prof. H.Əlibəyli, s.e.d. R.Mustafayev, s.e.n. H.Rəcəbli, s.e.n. Q.Əliyev, iqtisad elmləri namizədi Z.Həsənov və başqaları uzun müddət «beynəlxalq münasibətlər» kafedrasında əvəzçilik və saat-hesabı dərs deməklə mütəxəssis - diplomat kadrların hazırlanmasında fəal iştirak etmişlər. 

«Beynəlxalq münasibətlər» kafedrası yarandığı gündən müasir dünyanın çoxsaylı qlobal və aktual problemlərinin tədrisi sahəsində böyük təcrübə toplamışdır. Kafedra nəinki eramızdan əvvəlki minilliklərdən bu günə qədər davam edən beynəlxalq münasibətlər tarixinin öyrənilməsi və tədrisi ilə, habelə müasir dünyanın nizamında və inkişafında, dünya dövlətləri arasında əməkdaşlığın dərinləşməsində mühüm rola malik beynəlxalq, regional və subregional təşkilatların fəaliyyətinin müxtəlif aspektlərinin işıqlandırılması ilə yaxından məşğul olur. Müasir dünya siyasətində şəxsiyyətin rolunun və əhəmiyyətinin nə dərəcədə böyük olduğu danılmazdır. Təsadüfi deyil ki, kafedra uzun müddət ayrı-ayrı dünya siyasətçilərinin və diplomatlarının fəaliyyətinin tədrisi ilə məşğul olmuş və bu sahədə böyük təcrübə qazanmışdır. 

Müasir dünyanın çoxsaylı qlobal problemləri bəşəriyyəti daima narahat etməkdədir. İnteqrasiya prosesləri, dünya siyasətinin qloballaşması, ekologiya və ərzaq problemləri, beynəlxalq sülh və təhlükəsizlik uğrunda mübarizə, surətlə silahlanmanın kosmosa keçirilməsi təhlükəsi, atom - nüvə silahının yayılmaması uğrunda diplomatik siyasi mübarizə, beynəlxalq cinayətkarlığın, o cümlədən beynəlxalq terrorizmin bütün təzahür formalarının aradan qaldırılması, etnik siyasi münaqişələrin və təcavüzkar separatizmin təzahür formalarının aşkarlanması və niazmlanması və s. kimi məsələlər kafedrada tədris olunan «Müasir beynəlxalq münasibətlərin aktual problemləri» ixtisas fənninin başlıca mövzusu olmuş və onun tədrisi prosesinə nəinki kafedranın müəlimləri, habelə respublikamızda fəaliyyət göstərən beynəlxalq qurumların nümayəndələri də cəlb edilmişlər.