Tələbə Həmkarlar İttifaqı Komitəsi



Tələbələr həmişə gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır.

Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərirlər.

Sovet dönəmində ali təhsil məktəblərində tələbələrin problemləri ilə bir neçə təşkilat məşğul olurdu: partiya, komsomol və həmkarlar təşkilatları. Yeni formalaşmış müasir sistemdə isə həmkarlar təşkilatlarının rolu daha da artmışdır.

Bu nöqteyi-nəzərdən Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır. 20 mindən artıq bakalavr, magistr və aspirant kollektivini özündə birləşdirən, dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatı olan THİK universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Bakı Dövlət Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.



Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı


Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.

Buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Naziri M.Mərdanovun 28.02.2005 tarixli 89 saylı Azərbaycan Respublikasında gənclər və tələbələrlə işin təkmilləşdirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında əmrinə, 06-07 may 2005-ci il tarixlərində Təhsil Naziri M.Mərdanov və Gənclər İdman və Turizm Naziri Ə.Qarayev tərəfindən imzalanmış «Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə-Gənclər Təşkilatının əsasnaməsi»nə uyğun olaraq digər universitetlərlə yanaşı Bakı Dövlət Universitetdə də 2005-ci ilin iyun ayının 3-də «Tələbə Gəncələr Təşkilatı» yaradılmışdır.

Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilmişdir. Təhsil müəssisələrində muxtariyyət şəklində fəaliyyət göstərən müstəqil tələbə-gənclər təşkilatı təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, qeyri-hökümət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.