Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 2008-2009-cu tədris ilindən etibarən Boloniya prosesinin tələbləri tətbiq edilir. Hazırda fakültədə 4 ixtisas üzrə 276 tələbə bu prosesin tələblərinə müvafiq olaraq təhsil almaqdadır. Boloniya prosesinə uyğun olaraq fakültədə ilk imtahanlar 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasında keçirilmişdir. Təcrübə onu deməyə əsas verir ki, Boloniya prosesi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Təhsil Nazirliyi və BDU rəhbərliyinin qəbul etdiyi direktivlərin tələblərinə müvafiq olaraq həyata keçirilir.
Tədrisin təşkili və yüksəkixtisaslı kadr hazırlığı. Fakültənin çoxillik fəaliyyəti dövründə beynəlxalq münasibətlər və beynəlxalq hüquq, gömrük işinin təşkili, beynəlxalq iqtisadi münasibətlər, dünya iqtisadiyyatı, iqtisadiyyat və politologiya ixtisasları üzrə yüksəkixtisaslı kadrlar hazırlanmışdır.
2017-ci ildə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində bakalavr, magistr pilləsində, qiyabi şöbədə və əlavə təhsil şöbəsində 2500-dən artıq tələbə elmin sirlərinə yiyələnir.
Fakültənin ixtisaslarına maraq güclüdür. Hər il tələbə qəbulunda respublika üzrə ən yüksək bal toplamış abituriyentlərin əksəriyyəti bu fakültəni seçir.
2010/11-ci tədris ilində Dünya iqtisadiyyatı ixtisası üzrə qəbul olunan 38 nəfər tələbənin hər biri minimum 645 bal toplayaraq dövlət hesabına təhsil almağa başlamışlar. 2011/12-ci tədris ilində isə İqtisadiyyat ixtisası üzrə 25 tələbə yüksək bal toplayıb, dövlət hesabına təhsil alanlar siyahısındadırlar.
Müxtəlif illərdə fakültənin yüksək nəticələr qazanan tələbələri Prezident təqaüdünə layiq görülmüşlər və bu tələbələr fakültə həyatında fəal iştirak edirlər.
Bakalavr pilləsində 1975 nəfər, qiyabi əlavə təhsil şöbəsində 204 tələbə təhsil alır.
Həmçinin əyani magistratura pilləsində 106 magistrant, qiyabi magistratura pilləsində isə 37 magistrant təhsil alır.
Azərbaycan Respublikasının və universitetin təhsil siyasətinə uyğun olaraq gənc müəllim və tədqiqatçıların fəaliyyətinin stimullaşdırılması fakültə rəhbərliyinin diqqət mərkəzindədir. Belə ki, BDU-da və eləcə də onun tərkib hissəsi olan Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı, həmçinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasəti əsas kimi götürülməkdədir. Təsadüfi deyil ki, fakültənin yetişdirdiyi mütəxəssislər ölkənin ictimai və elmi həyatında öz uğurları ilə seçilirlər. Fakültənin kafedralarında gənc mütəxəssislər tərəfindən aparılan tədqiqatlar istər universitet, istərsə də ölkə elmi ictimaiyyətinin daim maraq dairəsindədir. Sabaha aparan gənclərin fəaliyyətlərinin təşviq edilməsi və onların daha böyük uğurlar əldə etməsi üçün fakültə rəhbərliyi, eləcə də onun kafedraları münbit şəraitin formalaşması üçün bütün imkan və vasitələrdən istifadə etməkdədirlər.
Fakültə tələbələri elmi və ictimai həyatda fəal iştirak edirlər. Onlar Universitet daxili və beynəlxalq səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır. Universitetin gənc intellektlərinin cəmləşdiyi komandanın heyətində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi tələbələri üstünlük təşkil edirlər. Universitetlərarası «Beynəlxalq humanitar» yarışmasında fakültə komandası ardıcıl olaraq qalib olub və Beynəlxalq Qırmızı Xaç Komitəsinin diplomlarına layiq görülmüşdür. Müxtəlif illərdə ABŞ, Rusiya və digər ölkələrdə keçirilən «Beynəlxalq hüquq» adlı beynəlxalq müsabiqələrinin qalibləri olmuşlar.