“Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrası 2006-cı ildə yaradılıb. Fakültə nəzdində yaradılan digər kafedralar kimi “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının yaradılması da günün reallıqlarından irəli gəlirdi. Fakültə yarandığı dövrdən keçən illər ərzində tələbə kontingentinin yetərli dərəcədə artması, beynəlxalq münasibətlər sahəsinə marağın durmadan artması, bu istiqamətdə həm bakalavr, həm də magistratura pilləsində yeni ixtisasyönümlü fənlərin tədrisinin yeni tələblər səviyyəsinə qaldırılması zərurəti yaşanırdı. Universitet rəhbərliyi fakültədə tədrisin effektivliyinin artırılması və gələcək kadrların peşəkar biliklərə yiyələnməsi üçün radikal addımlar atdı. Yeni yaranmış “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasına rəhbərlik respublikamızda ilk qadın siyasi elmlər doktoru Hicran Hüseynovaya həvalə olundu. Bu seçim həm də H.Hüseynovanın çoxillik pedaqoji fəaliyyətinə və inteqrasiya proseslərinin elmi-nəzəri qaynaqlarını yeganə tədqiqatçısı olması faktına söykənirdi. Yeni kafedranın professor-müəllim heyəti ilə formalaşması da çətinliklər yaratmadı. Tədris proqramları ilə nəzərdə tutulan bir çox fənlərin tədrisində uzun illik təcrübəsi olan müəllimlər kafedrada cəmləşdirildi. Dos. A.Hacıyeva, dos. V.Cəfərov, dos. İ.Quliyev, dos. K.Məmmədov, dos. E.Hacınski ilə yanaşı kafedraya gənc müəllimlərdən dəvət olundu. Onların hamısı-s.e.n.C.Eyvazov, s.e.n.S.Qaraşova, s.e.n.N.Dünyamalıyeva, B.Aslanbəyli, S.Hidayətova, B.Hüseyn fakültənin beynəlxalq münasibətlər ixtisası üzrə məzunlarıdırlar. Gənc müəllimlər kimi onlar artıq elmi uğurları ilə universitet salnaməsinə adlarını yazmağa müvəffəq olmuşlar, namizədlik dissertasiyası müdafiə etməklə yanaşı, bir çox nüfuzlu elmi jurnallarda mütəmadi olaraq müasir beynəlxalq münasibətlərin aktual problemləri ilə bağlı məqalələrlə çıxış edirlər. Qısa zaman müddətində kafedra əməkdaşlarından – H.Hüseynovanın “Müasir mərhələdə inteqrasiya prosesləri”, K.Məmmədovun “Birinci dünya müharibəsindən sonra Osmanlı imperiyasının parçalanması uğrunda Antanta dövlətlərinin diplomatik mübarizəsi”, V.Cəfərovun “Diplomatik etiket və nitq mədəniyyəti”, V.Cəfərov və T.Tağıyevanın “Diplomatik yazışma”, T.Tağıyevanın “Beynəlxalq münasibətlərin aktual problemləri”, A.Hacıyevanın “Beynəlxalq münasibətlər tarixi”, A.Səfərovanın “Ə.Topçubaşovun siyasi portreti” adlı dərslik və dərs vəsaitləri nəşr olunub və tələbələrin ixtiyarına verilmişdir. Kafedranın elmi istiqamətlərinin diapozonu, əlaqələrinin sayı bu müddət arasında xeyli genişlənmişdir. Hazırda “Diplomatiya və inteqrasiya prosesləri” kafedrasında Türkiyə, İran İslam Respublikası, Çin Xalq Respublikasından xeyli sayda aspirant və dissertant müasir beynəlxalq münasibətlərin qlobal problemləri inteqrasiya və beynəlxalq təhlükəsizlik istiqamətlərində tədqiqat işləri üzərində çalışırlar.
Kafedra əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində yaxından iştirak edir: prof.H.Hüseynova, dos.K.Məmmədov, s.e.n.S.Qaraşova, s.e.n.C.Eyvazov siyasi elmlər ixtisasları üzrə namizədlik və doktorluq dissertasiyaların müdafiəsi üzrə ixtisaslaşmış Elmi Şuranın üzvləridir.
Kafedranın müəllimləri həm respublikadaxili və xarici dövlətlərdə keçirilən elmi konfransların və simpoziumların iştirakçılarıdır. Kafedranın dosenti K.Məmmədov Moskvada nəşr olunan populyar “Индекс безопасности” jurnalının redaksiya heyətin üzvüdür, s.e.n.C.Eyvazov “Кавказ и глобализация” beynəlxalq jurnalının elmi katibidir.
Təbii ki, gənc kafedranın gördüyü işlər tədqirəlayiqdir, lakin bunlar son hədd deyildir. Yeni dərsliklərin, fənn proqramlarının yazılıb nəşr olunması, Boloniya prosesinin tələbləri səviyyəsində tədrisin qurulması üçün ardıcıl işlər görülür.
Sevindirici hal kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev çox böyük etimat göstərərək professor H.Hüseynovanı Ailə, uşaq və qadın problemləri iş üzrə Dövlət komitəsinə Sədr təyin etmişdir. Bu çətin və məsuliyyətli işin öhdəsindən bacarıqla gəlmək üçün H.Hüseynova öz əməyini əsirgəmir və bu istiqamətdəki uğurlar göz qabağındadır.
Kafedranın gələcək peşəkar diplomatlar yetişdirilməsində imkanları genişdir. Bu istiqamətdə XİN, səfirliklər və beynəlxalq təşkilatlarla əhatəli əməkdaşlıq həyata keçirilir.