Azərbaycan elminə, təhsilinə və mədəniyyətinə ağır itki

Azərbaycan elminə, təhsilinə və mədəniyyətinə ağır itki üz vermişdir. Bakı Dövlət Universiteti
Beynəlxalq münasibətlər kafedrasının professoru, tarix elmləri doktoru Darabadi Pərvin Qulam oğlu
ömrünün 69-cu ilində vəfat etmişdir.

Azərbaycan elminə, təhsilinə və mədəniyyətinə ağır itki üz verib. Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının professoru, tarix elmləri doktoru Darabadi Pərvin Qulam oğlu ömrünün 69-cu ilində vəfat edib.

P.Q.Darabadi 1947-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1965-1969- cu illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil aldıqdan sonra, 1969-1992- ci illərdə Azərbaycan Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, sonralar baş elmi işçi və şöbə müdiri vəzifələrində fəaliyyət göstərib. Həyat və yaradıcılığının 1992 - 1999-cu illər dövrünü Bakı Sosial İdarəetmə və Politoloğiya İnstitutu ilə bağlayan alim 1996-cı ildə professor elmi adını almış və “Tarix” kafedrasının müdiri kimi respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib.

P.Q.Darabadinin elmi yaradıcılığı olduqca geniş olmuş, respublikamızın hərbi tarixindən tutmuş müasir beynəlxalq münasibətlərin aktual problemlərinə qədər müxtəlif sahələri əhatə etmişdir. 1979-cu ilin oktyabrında tarix elmləri namizədi, 1991-ci ilin yanvarında tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2000-ci ildən etibarən həyatını Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrası ilə bağlamış, kafedranın professoru və fakültə Elmi Metodiki Şurasının sədri vəzifələrini yerinə yetirib.

Elmi əsərləri Azərbaycanla yanaşı, Türkiyədə, Rusiyada, Gürcüstanda, Türkmənistanda, Ukraynada, Qazaxıstanda, Fransada, İsveçdə və s. ölkələrdə nəşr olunan alimin qələmindən indiyədək 200-dən artıq məqalə, 5 monoqrafiya, 1 dərslik, 7 tədris proqramı çıxmış, elmi rəhbərliyi altında 12 fəlsəfə doktoru və elmlər doktoru yetişdirib.

P.Q.Darabadinin elmi araşdırmaları və pedaqoji fəaliyyəti dövlətimiz və BDU rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyin Fəxri Fərmanı, 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə, 2011-ci və 2014-cü illərdə BDU-nun Fəxri fərmanı ilə təltif edilmişdir.

İşıqlı xatirələri tələbələrinin, fəaliyyət göstərdiyi kollektivlərin, elmi-ictimai fikrin yaddaşında əbədi yaşayacaqdır. Ruhun şad olsun, Pərvin müəllim…

/ 02/02/2017