Bakı Dövlət Universitetinin müəllimi və magistrantı beynəlmiləl müsabiqədə iştirak ediblər

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi s.e.f.d Eldar Arif oğlu Cəfərov və Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə magistratura təhsili alan Turana Mahmud qızı Tağıyeva MDB-nin beynəlmiləl gənclərinin A.A.Qromıko adına Müsabiqəsində iştirak ediblər və onlara sertifikat təqdim olunub.

MDB-nin beynəlmiləl gənclərinin A.A.Qromıko adına Müsabiqəsi (Конкурс молодых международников СНГ имени Андрея Громыко) 2018-ci ildən keçirilir və bütün MDB ölkələrindən tələbələri, gənc alimləri, diplomatları, jurnalistləri, ictimai təşkilatların rəhbərlərini və iş adamlarını bir araya gətirir. Onun məqsədi Avrasiya məkanında inteqrasiya proseslərinə, beynəlxalq münasibətlərə və tarixi yaddaşa həsr olunmuş tədqiqatlara marağın artırılmasıdır.

Müsabiqə gənc tədqiqatçılar və diplomatların dialoqunun genişləndirilməsinə, MDB və Aİİ ölkələrinin elmi-tədqiqat və təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə yönəlib.

Bu il müsabiqə Sovetlər Birliyi xalqlarının İkinci Dünya Müharibəsindəki Zəfərinin və BMT-nin yaradılmasının 75-ci ildönümünə təsadüf etmişdir və bütün MDB ölkələrindən 310 müsabiqəçi iştirak etmişdir.

Müsabiqə A.A.Qromıko adına Xarici Siyasət Araşdırmaları Birliyi, Rusiya Elmlər Akademiyasının Avropa İnstitutu, Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyası, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı və  MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Avrasiya İqtisadi Komissiyasının, Rusiya Federasiyası Şurasının Sədri yanında inteqrasiya klubunun dəstəyi ilə təşkil edilmişdir.

.
/ 04/12/2020