BDU-da “Azərbaycan Respublikası müasir geosiyasi sistemdə” adlı elmi seminar keçirilib

 

5 dekabr tarixində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əməkdaşları və magistrantları ilə “Azərbaycan Respublikası müasir geosiyasi sistemdə” mövzusunda elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan fakültə dekanı professor Zeynalabdin Həsənəliyev iştirakçıları qələbə münasibəti ilə təbrik edib və mövzunun Vətən müharibəsindən sonra yeni istiqamətlər alması və sonrakı məruzə ilə bağlı vacib məqamları bildirib.

Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Səbinə Qaraşova Azərbaycan Respublikasının müasir geosiyasi sistemdəki rolu və əhəmiyyəti, beynəlxalq və regional siyasətdə tutduğu mövqe, həyata keçirilən sistemli siyasi strategiya haqqında məruzə ilə çıxış edərək Azərbaycanın regional geosiyasi maraqları çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, yaradılmış üçtərəfli formatda əməkdaşlığa da ciddi önəm verdiyini,  regionda Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə formatlarında geniş əməkdaşlıq platformaları yaradıldığını və Azərbaycanın bu platformaların işində aktiv iştirak etdiyini bildirdi.

Məruzənin ikinci hissəsində dünyanın aparıcı dövlətlərinin geosiyasi maraqları prizmasından Azərbaycanın həyata keçirdiyi siyasət təhlil olunaraq, bildirildi ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsi ümumilikdə dünyanın böyük dövlətlərinin geosiyasi maraqlarında vacib yer tutur və Azərbaycanın artan geosiyasi əhəmiyyətinin təhlili belə qənaətə gəlməyə imkan verir ki, aparılan düşünülmüş siyasət nəticəsində Azərbaycanın dünyanın geosiyasi sistemində mövqeyi daha da güclənib. Enerji resurslarının nəqlinin diversifikasiyasını uğurla reallaşdırmaqla həm ölkəmiz əhəmiyyətli tranzit ölkəyə, bir növ, enerji xabına çevirib, həm də ölkəmiz regionun lider dövlətinə, Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm körpüyə çevrilib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı prof. Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən görüşdə məruzədən sonra müzakirələr aparılıb, suallara cavab verilib. Aparılmış diskussiyada 27 sentyabrda başlamış Vətən müharibəsi nəticəsində döyüş və siyasi meydanda Azərbaycan Respublikasının Ermənistanı məğlub etməsi və Azərbaycanın işğal edilmiş ərazilərini tam şəkildə azad etməsi, ərazi bütövlüyünü bərpa etməsi kimi məsələlər yer aldı.

“Microsoft Teams” platforması üzərində təşkil edilmiş elmi seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


.
.

/ 06/12/2020