BDU-da “BP”şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə onlayn görüş keçirilib

Avqustun 28-də Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyyəti və magistrantlarının iştirakı ilə “British Petroleum” (BP) şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin online görüşü keçirilib.

Görüşdə B.Aslanbəyli son dövrlərin daha aktual mövzusu - “Azərbaycanın enerji strategiyası” mövzusunda məruzə ilə çıxış etmişdir. O, çıxışında Azərbaycanın neft-qaz resurslarının istehsalı, həmçinin satışının təşkili, xarici ölkələrə ixracı, beynəlxalq bazarlara çatdırılması, Cənub Qaz dəhlizi və ona aid olan Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum), TAP və TANAP layihələrinin genişləndirilməsi haqqında bəhs etmişdir.

Bəxtiyar Aslanbəyli çıxışının ikinci hissəsində  yeni layihələrin idarə olunması, bu layihələrin həmin ölkələrin maraqlarına uyğunlaşdırılması, kommersiya cəhətdən əsaslandırması və rentabelliliyi, təminatlı ixrac bazarı, alternativ və bərpa olunan enerji layihələri barəsində ətraflı məlumat vermişdir.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçən görüşdə məruzədən sonra müzakirələr aparılmış, mövzu ilə bağlı müraciət olunan suallara cavablar verilmişdir.

“Microsoft Teams” platforması üzərində təşkil edilmiş görüş iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanıb.

Xatırladırıq ki, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, həmçinin Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.

/ 28/08/2020