Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi-praktiki konfrans

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Sosial, iqtisadi və siyasi sferaların qarşılıqlı təsir problemləri” adlı Respublika səviyyəli elmi-praktiki konfrans keçirilib.

Elmi praktik konfransların keçirilməsinə fakültə rəhbərliyi böyük əhəmiyyət verir. Professor-müəllim heyəti ilə yanaşı gənc tədqiqatçılar fakültədə təşkil olunan konfranslara xüsusi diqqət yetirirlər. Eyni zamanda magistrant və tələbələr bilik və bacarıqlarını nümayiş etdirmək üçün ciddi hazırlaşıb.

Konfransın açılışında çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev ölkədə sosial-iqtisadi sferalarda həyata keçirilən islahatların əhəmiyyətindən danışıb, son zamanlar əhalinin həyat səviyyəsinin yüksəldilməsində, ümumi rifah halının yaxşılaşmasında, ölkənin milli təhlükəsizlik siyasətinin təmin olunmasında sosial-siyasi sferaların qarşılıqlı inkişafının mühüm rolu olduğunu qeyd edib.

Sonra Dünya iqtisadiyyatı kafedrasının müdiri Hacıağa Rüstəmbəyov, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Kərəm Məmmədov, dosent Vəliyulla Cəfərovun çıxışları dinlənilib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Açılış mərasimindən sonra konfransın işi bölmələr üzrə davam etdirib.

Beynəlxalq münasibətlər bölməsinin sədri professor Ağalar Abbasbəyli, Diplomatiya və müasir inteqrasiya prosesləri bölməsinin sədri professor Hicran Hüseynova, Politologiya bölməsinin sədri professor Əli Əhmədov, İqtisadiyyat bölməsinin həmsədrləri professor Amil Məhərrəmov, professor Hacıağa Rüstəmbəyov, professor Elşar Orucov, məsul katib isə elm və magistratura üzrə dekan müavini dosent İkram Cəbrayılov olub. Konfransa fakültənin professor-müəllim heyəti, magistr və tələbələri tərəfindən 90-a qədər məqalə təqdim olunub, onlar arasında ən yaxşı məqalə müəlliflərinin mükafatlandırılması nəzərdə tutulub.

/

 

/ 25/11/2016