Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində ingilis dilində AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Fakültənin müəllimləri Əlimusa İbrahimov və Sultan Zahidovun təşəbbüsü ilə baş tutan “Foreign policy of the Azerbaijan Democratic Republic ” (Azərbaycan Demokratik Respublikasının xarici siyasəti) adlı tədbir ingilis dilində ADR-in xarici siyasəti ilə bağlı mühüm məqamlara toxunan təqdimatların nümayişi ilə müşaiyət olundu.
Universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə açılış nitqini fakültənin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Sultan Zahidov söylədi. Daha sonra Sultan Zahidovun ADR nümayəndə heyətinin Paris sülh konfransında iştirakı ilə bağlı “Participation of the Azerbaijani delegation at the Paris Peace conference: Targets, challenges and outcomes” adlı təqdimatının nümayişi baş tutdu. Təqdimat nümayəndə heyətimizin Paris sülh konfransında qarşıya qoyduğu hədəflərdən, Azərbaycanın de-fakto tanınmasına qədər keçdiyi yoldan və bu yolda qarşılaşdığı çətinliklərdən bəhs edir.Təqdimatda eyni zamanda Paris sülh konfransında əldə olunan nəticələrin Azərbaycan diplomatiyası və bütövlükdə ölkəmiz üçün əhəmiyyəti dəyərləndirilib.
Daha sonra fakültənin ingilis bölümündə tədris alan 2-ci kurs tələbələrinin çıxışları baş tutdu. Cavidə Rəhimova “Relations between the Azerbaijan Democratic Republic and the Ottoman Empire” adlı çıxışında həmin dövrdə Osmanlı imperiyası və ADR arasında münasibətlər və bu münasibətlərin ölkəmiz üçün nəticələri mövzusuna toxundu. Fakültənin digər tələbəsi Aydan Nəsibova isə “International agreements signed by the Azerbaijan Democratic Republic “ adlı çıxışında Azərbaycan Demokratik Respublikasının yarandığı dövrdən imzaladığı beynəlxalq sazişlər və bu sazişlərin dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün qorunması və dövlətimizin beynəlxalq arenada tanınması baxımından əhəmiyyəti barədə məlumat verdi.
Daha sonra nümayiş olunan mövzularla bağlı açıq müzakirə baş tutmuş, iştirakçılar müxtəlif suallar vermiş, təqdimatlarla bağlı fikirlərini bildirmişlər. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirildi.