Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri konfransda iştirak ediblər

Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri Sultan Zahidov və Aytən Qurbanova 2021-ci ilin 17 Noyabr tarixində Türkiyənin İstanbul şəhərində yerləşən Ayvansaray Universitetinin və Almaniya Araşdırmaları Uygulama və Araştırma Mərkəzinin (ALMAR) dəstəyi ilə təşkil olunmuş “İkinci Qarabağ Müharibəsinin Birinci İldönümündə Regional Strateji Dəyərləndirmələr” mövzusunda onlayn formatda baş tutan elmi konfransda məruzəçi qismində iştirak ediblər. Konfransda ilk növbədə Sultan Zahidov iştirakçılara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və İkinci Qarabağ müharibəsinin səbəbləri barədə məlumat vermiş, daha sonra isə Aytən Qurbanova İkinci Qarabağ müharibəsi zamanı və post-Qarabağ müharibəsi dövrü siyasi proseslər barədə məruzə ilə çıxış etmişdir. Tədbirdə eyni zamanda Ayvansaray Universiteti İqtisadi, İdari və Sosial Bilimlər fakültəsinin dekanı Prof.Dr.Cəlaləddin Yavuz və Almaniya Araşdırmaları Uygulama və Araştırma Mərkəzinin rəhbəri Ahmet Görgen Vətən müharibəsinin regiondakı nəticələri ilə bağlı çıxış ediblər. Tədbirdə Bakı Dövlət Universiteti və Ayvansaray Universitetinin müəllim və tələbə heyəti də iştirak etmişdir.

/ 06/12/2021