Fakültəmizə ağır itki üz verib

BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinə ağır itki üz verib. Belə ki, fakültənin İqtisadiyyat və İdarəetmə kafedrasının iqtisad elmləri namizədi, dosent Kutais Abuzər oğlu Sarıyev uzun sürən xəstəlikdən sonra ömrünün 69-cu ilində vəfat edib.
K.Sarıyev 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “ticarətin iqtisadiyyatı” fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin siyasi iqtisad kafedrasında “siyasi iqtisad” ixtisası üzrə aspiranturaya daxil olub. Sonradan elmi fəaliyyətini davam etdirərək 1984-cü ildə siyasi iqtisad kafedrasında baş müəllim vəzifəsinə, 1988-cu ildə isə müsabiqə üzrə dosent vəzifəsinə keçib.
K.Sarıyev Azərbaycan iqtisadiyyat elminə böyük töhfələr vermiş şəxsiyyətdir. Onu həmmüəllif olduğu "İqtisadi Nəzəriyyə" kitabı bu gün İqtisadiyyat sahəsində oxuyan bütün tələbələrin stolüstü kitabıdır. O neçə-neçə tanınmış iqtisadçının peşəkar kimi yetişməsində müstəsna rol oynayıb. Hər zaman savadı, təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti ilə seçilən K.Sarıyevin yoxluğunu qəbul etmək olduqca ağırdır, üzücüdür. Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin bütün heyəti bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına və dostlarına başsağlığı diləklərini çatdırır, səbr diləyir.
Allah rəhmət etsin!

/ 29/10/2020