Ölkəmizin başçısının “Fox News” televiziya kanalına müsahibəsi ətrafında siyasi-analitik təhlili

Prezident İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına  müsahibəsi  ətrafında  düşüncələr

Yaşadığımız günlərdə hər birimizin çoxsaylı tələbatlarından əvvəl, təbii ki,  informasiya tələbatı birinci  yerdə  durur. Cəbhə xəttində baş verənlər, düşmənin  mülki əhaliyə qarşı  törətdiyi  cinayət  əməlləri, ölkə  daxilində  və  onun  sərhədlərindən  kənarda, Qarabağda baş verənlərə münasibət, dövlətimizin atdığı və atacağı  addımlardan  xəbərdar  olmaq  istəyi  ilə hər birimiz kütləvi informasiya vasitələrinə - televiziya kanallarına, mətbuat orqanlarına, xəbər saytlarına üz tutmalı oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl  olaraq  dünyanın  nüfuzlu  media orqanlarına verdiyi müsahibələr  bir  daha  təsdiqləyir ki, dövlətimiz  beynəlxalq aləmlə gündəlik və strateji ünsiyyətdə maraqlıdır və düşmənin informasiya məkanındakı yalanlarının  qabaqlanması  üçün  bu  addımlar  əvəzsizdir. Dünya  dövlətlərinin  də  bu  proseslərə maraqsız olmadığı bir həqiqətdir.

Bu gün geniş dinləyici auditoriyasının diqqətini çəkən bir nömrəli məsələlərdən biri Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici dövlətlərin kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibələrdə Azərbaycan  dilinin və ya  istifadə  etdiyi digər xarici dillərin (ingilis, rus, türk) zəngin söz ehtiyatlarından yüsək peşəkarlıqla və bacarıqla  istifadə  etməsidir. Bu  isə  o  qədər  də  asan  iş  deyildir.

Qeyd  edək  ki, nitq  bütün  formalarda təfəkkür  tərzidir. Zamanın hadisə  və  proseslərini duymaq, olaylara doğru  və  düzgün münasibət  bildirmək, həqiqəti  əks  etdirmək birbaşa təfəkkür tərzindən asılıdır. Məhz dilin leksik sisteminin qanunauyğunluqları  və sistemliliyi xarici aləmin sistemliliyini  əks etdirməyə imkan verir. Baxmayaraq ki, insan təfəkkürünün imkanları sonsuzdur, dildə  sözlərin miqdarı isə buna nisbətən məhduddur. Məhz bu çətinlikləri  nəzərə  alaraq məşhur alman psixoloqu və dilçisi Qottlob Freqe öz məqalələrinin birində bu fikri yazır: “...Mineroloqla müqayisədə mənim vəziyyətim xeyli çətindir: Onun imkanı var ki, dağ kristalını söhbətdaşına göstərə bilsin. Mən isə fikri oxucuların (dinləyicilərin) ovcuna qoyub deyə bilmirəm ki, alın, onu yaxşı-yaxşı nəzərdən keçirin. Mənim gücüm ona çatır ki, özlüyündə duyulmayan fikri duyulan dil qabığında oxucuya (dinləyiciyə) təqdim edim”.

Odur ki, siyasət  adamları  üçün  dildən  istifadə  etmək yalnız məharət deyil, həm  də böyük  məsuliyyət tələb edir. Siyasi leksika fərdlərin cəmiyyətdəki, dövlətdəki, müasir dünya proseslərindəki rolunu, düşüncələrini adlandırmağa və təsvir etməyə imkan  verir. Çünki, cəmiyyəti kommunikasiyasız təsəvvür etmək nə dərəcədə çətindirsə, kommunikasiyanı da cəmiyyətsiz təsəvvür etmək qeyri-mümkündür. Dil vasitəsi ilə  kommunikasiya  cəmiyyətin yaşam  tərzidir. Cəmiyyət, dil və kommunikasiyanın qırılmaz  birliyi beynəlxalq münasibətlərin əsas aktorlarının ünsiyyət və əməkdaşlığının  təməlində  dayanır. Prezidentimizin televiziya  ilə  xalqa ünvanladığı müraciətlər, siyasət  və  iş  adamları  ilə  görüşləri zamanı apardığı söhbətlər, jurnalistlərə verdiyi  müsahibələr siyasi  və  diplomatik diskursun etalonu  kimi  hərtərəfli  öyrənilməlidir.

Əslində  danışmağı hamı  bacarır. Ancaq  nə  deməyi  bacarmaq  olduqca çətindir. İngiltərəli  hüquqşünas Edvard Kok hələ orta əsrlərdə yazırdı  ki,“...sözləri  bilmədən  əşya  və  hadisələri  və  prosesləri  dərk  etmək  qeyri-mümkündür. Hətta  söz  olduqda da problem  qalır. Çox vaxt bir-birini başa düşmək istədikləri halda da, söz cəfəngiyyatından baş açmaq, onların məna incəliklərini dərk etmək üçün  insanlar xeyli artıq vaxt sərf edirlər. Sonda isə “ortaq məxrəcə” gəlmək  xeyli çətinləşir. Bu incəliyi hələ ötən əsrin əvvəllərində fransız tədqiqatçısı Mişel Breal belə vurğulamışdır: “…Hərbçinin, rahibin, kəndlinin fəaliyyət formaları fərqlidir. Onların hamısı anadangəlmə eyni bir dildə danışsalar da, sözlərinin çalarlıqları bir-birinə bənzəmir”.

Prezident İlham Əliyev ixtisasca diplomatdır və bütün formalı təmaslarda və  danışıqlarda o, birmənali olaraq  milli maraqlara söykənən qətiyyət nümayiş etdirir. Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini  qəbul  edərkən  aparılan  dialoqda dövlətimizin başçısı Azərbaycanın çağdaş xarici siyasətini çox  incəliklə dilə gətirdi. “Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin, zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”. Xatirladaq  ki,  beynəlxalq münasibətlər  və  diplomatiyaya  aid  mənbələrdə  də  bu  tipli  yanaşmalara  rast gəlmək olar. Həqiqətən, “…Diplomatın ümumi mədəniyyəti, yüksək intellektual səviyyəsi, bir neçə dil bilməsi olduqca zəruridir. Ancaq diplomatların dildən istifadə etmək bacarığı, etiket duyumu, ünsiyyət çevikliyi, qarşı tərəfin fikirlərini oxuya bilmək məharəti siyasətçilərdən də yüksək olmalıdır”.

İndiki  müharibə  şəraitində bu çıxışlar hakimiyyətlə xalqın və  ordununun  qırılmaz  birliyinin, qələbə  ruhunun daha  da  möhkəmlənməsinə  səsləyir. Xalq  isə  öz  müdrik  rəhbərinin yanında  olduğunu  əməli  addımları  ilə  təsdiqləyir. Öz  əsərləri  ilə çoxlarına tanış olan amerikalı psixoloq Piter Drukerin illər öncəsi amerika  prezidentlərinə  ünvanladığı altı bənddən ibarət  olan  xatırlatmalarından  birincisini oxucuların  diqqətinə  çatdırmaq  istəyirəm. O  yazır ki, yeni seçilən  hər  bir  prezident  ilk  olaraq “Nə etməli?” sualına cavab tapmalıdır. Həqiqi mənada, əgər gəminin kapitanı hansı sahilə  yan  alacağını  bilməsə, onun  taleyi həmişə  səmt  küləyindən  asılı  olacaq.

Bu  gün  hər  bir  Azərbaycan vətəndaşı  əlini  sinəsinə  qoyub  etiraf  edə  bilər  ki, İlham Əliyev  hakimiyyətə  gəlişinin  ilk  anından  nə  etmək  lazım  olduğunu   doğru  müəyyənləşdirə  bildiyindən  öz  xalqının  sevgi  və  etimadını  qazana  bilib. Onun  Prezidentliyi  dövründə Müstəqil  Azərbaycan  dövləti  dünya  dövlətləri  sırasında  adı  xüsusi  vurğulanan, iqtisadi  cəhətdən  inkişaf  etmiş, sülhsevər, multikultural  dəyərlərə  sadiq, beynəlxalq  öhdəlikləri  layiqincə  yerinə  yetirən, hərbi  qüdrətə  malik  dövlət  imicini qazanmışdır. Prezident İlham  Əliyev xalqa  müraciəti zamanı xüsusi  vurğulayaraq  bildirdi ki, təcavüzkar Ermənistan  öz  qoşunlarını bizim  torpaqlarımızdan çıxarmadığı  halda nə  etmək  lazım  olduğunu  MƏN  bilirəm. İllərcə inanırıq ki, Prezidentin  dilindən  səslənən “Azərbaycan  torpaqlarının  bir  qarışı da  danışıqların predmeti olmayacaq!” fikri tezliklə  öz  təsdiqini  tapacaq.

Güman ki, bu  fikirlər  xarici  jurnalistlərin də  yazılarında hansı  formadasa  təqdim  olunacaq. Kim  necə  başa  düşürsə, düşsün. QARABAĞ AZƏRBAYCANDIR!

Vəliyulla Cəfərov,

BDU-nun “Diplomatiya və  müasir inteqrasiya prosesləri” kafedrasının dosenti

/ 27/10/2020